Vaginizmin yaranma səbəbləri
VAGİNİZM - qadın cinsi problemidir. Bu cinsi problem digər cinsi problemlərdən fərqli olaraq qadınların cinsi əlaqəyə girə bilməməsidir. Qadın məntiqi ilə cinsi əlaqəyə girmək istəsə də, bədəni bunu inkar edir.
Yəni, qadının özündən asılı olmayaraq bütün bədən əzələlərinin, o cümlədən budlar, vagina girişi, çanaq dibi, popo və s. əzələlərinin anidən kəskin yığılması və sıxılması nəticəsində, qadının ərinin penisini vaginaya ala bilmir, bu zaman çox güclü ağrı olacağını düşünərək qıvrılır geri çəkilir, qorxulu baxışlarla ərini itələyir, sonra da elədiklərinə peşman olur, çarəsizlikdən ağlayır və bu vəziyyəti heç cürə düzəldə bilmir, heç bir şəkildə bədənini boş tuta bilmir... Bu normal hal olmayıb, patoloji haldır.
Uşaqlığından yeniyetməlik dövrünə qədər qız uşaqlarının yaşına uyğun olaraq valideyni tərəfindən almadıqları normal cinsi məlumatlar, ya da aldıqları əksik və ya abartılmış cinsi məlumatlar onun şüuraltı mərkəzində yalnış “ssenari” yaranmasına səbəb olur.
Belə olan halda
ilk cinsi əlaqə cəhdində şiddətli ağrı gözlənilməsi qadında “qoruma mexanizmi”ni işə salır. Bu zaman vaginanın girişinin xarici üçdə bir hissəsində yerləşən əzələlər anidən sıxılır, büzülür və bu şəkildə cinsi əlaqə (penetrasiya) mümkün olmur.
Bu sıxılma vaginanı əhatə edən çanaq dibi əzələlərinin vagina girişinə təmas anında şüuraltı mərkəzin hələ ki, bilinməyən mexanizmi ilə kəskin sıxılması hesabına baş verir: bu əzələlər əsas Bulbocovernosus, Pubocoxygeus və Puborectalis əzələridir.
Vaginizm problemi yaşayan qadınlar öz adı çəkilən əzəzlələrini idarə edə bilmirlər, amma halbuki normalda bu idarə bizim nəzarətimiz altındadır, yəni biz istədiyimiz zaman bu əzələlərimizi sıxıb-boşalda bilirik. Məsələn, sidiyə gedəndə biz adını bilmədiyimiz bir əzələlərimizi sıxırıq (bunu hiss edirik) və sonra sidiyi çıxararkən onu rahatlaşdırırıq, yəni əzələmizi boşaldırıq.
Vaginizm "bütün dünyada" psixiatrlar və ginekoloqlar tərəfindən geniş və çox tez-tez rastlaşılan bir problemdir. Bu baxımdan bunu təkcə bizim kimi müsəlman və mühafizəkar cəmiyyətlərə xas olan problem kimi qəbul etmək olmaz.
Vaginizmi olan qadınlarda sıxılmalar təkcə vaginal girişdə deyil, bütün bədəndə baş verir: qarın, bel, kürək və budların dibində. Buna görə də cütlərin cinsi əlaqə cəhdlərindən sonra bədənin bu nahiyələrində, əsas da budların içəri nahiyyələrində əzələ ağrılarına çox rast gəlinir. Bu, müəyyən dərəcədə vaginizmin dərəcəsindən asılıdır.
Vagina sıxılmaları bir “refleks” olaraq baş verir, bu prosesi cinsi əlaqə anında qadın idarə edə bilmir və dayandıra bilmir.
Vaginizmdə vaginaya heç bir cismin daxil olması mümkün deyil, ya da olduqca çətin olur. Bu vaginizmin ağırlıq dərəcələrinə görə dəyişir.
Vaginizm psixoloji, anatomik və ginekoloji səbəblərə görə inkişaf edir.Statistikaya görə, vaginizmin səbəbinin 70%-i psixoloji, 20%-i ginekoloji, 10%-i isə anatomik səbəblərə aiddir.
Ona görə də hər hansı müalicəyə başlamazdan əvvəl ağrılı cinsi əlaqənin səbəbinin vaginizm və ya başqa səbəblərin olub-olmadığı ginekoloji müayinə ilə diqqətlə müəyyən edilməlidir. Bu şəkildə ən yaxşı müalicə kursu seçilə bilər.
1. Psixoloji SəbəbləriBütün vaginizm hallarının 70%-i psixoloji səbəblərdən qaynaqlanır. Əslində, vaginizm zamanı cinsi əlaqədə ola bilməmək bədənin müdafiə mexanizmidir. Problem insanın şüuraltındadır.
Vaginizm müxtəlif psixoloji səbəblər nəticəsində inkişaf edə bilər:
Vaginizmin səbəbi əvvəllər başından keçən travmatik cinsi təcrübələr və ya şüuraltına həkk olunmuş qorxular ola bilər.
Psixoloji səbəblər arasında uşaqlıqdan qalan qorxular, çox sərt əxlaqi şərtli cəmiyyətdə yaşamaq, özünü günahlandırmaq, utanmaq, cinsi əlaqəni günah, ayıb, iyrənc, əxlaqsızlıq hesab etmək, cinsi əlaqə haqqında cinsiyyət orqanının bədənə girməsi ilə bağlı məlumatsız olmaq və ya əksik məlumatlı, ya da aşırı şişirdilmiş məlumatlı olmaq kimi şüuraltına yerləşmiş səbəblər var. Həmin bu səbəblər şüuraltı mərkəz tərəfindən seksuallığı qorxulu və ağrılı , hətda lazımsız bir aktivlik hesab edilir.
Valideyn tərəfindən cinsəlliklə bağlı verilən sərt qadağanlar və gənc qızlara uşaqlıq illərində öyrədilmiş “qızlıq pərdəsi çox vacib bir yerdir və hər vasitə ilə qorunmalıdır” fikri xüsusilə müsəlman ölkələrində vaginizmin ən mühüm səbəblərindəndir. Qızlıq pərdəsinin toxunan zaman açılacağını xəyal edən gənc qızlar, intim bölgəsini yumağı belə cürət etmirlər, nəinki yumağı toxunmağı belə cürət etmirlər. Gənc qızların xəyallarında “qızlıq pərdəsi toxunulan zaman açılan bir yerdir, bir tərəfdən də çox çətinliklə açılan və çox ağrılı bir quruluşdur, eyni zamanda qızlıq pərdəsi vagina girişini tamamilə qapamışdır, penisin vaginaya girməsi bərk bir yerdə yeni bir dəliyin açılmasına bərabər bir prosesdir”. Əlbətdə ki, bunlar yalnış düşüncələr və fantaziyalardır, təəssüf ki, gənc qızların özləri də və ya onların ətrafında olan yaxınları da onları bu fikirlərindən döndərə bilməz!
Qızların uşaqlıqdan eşitdikləri bir çox
neqativ təlqinləri “ehtiyatlı ol, velosiped sürərkən o yerə dəyməsin”, “ayaqlarını bağla”, “kişilərdən uzaq dur, sənə zərər verəcəklər” , “cinsi əlaqədən söhbət gedən yerdən uzaqlaş, belə mövzulara qulaq asmaq əxlaqsızlıqdır”, “filmdə öpüşmə səhnələrinə baxmaq olmaz, ayıbdır, günahdır”, “yuyunanda əlin ora dəyməsin, qızlığın açılar”– bu cür gücləndirmə sonrakı yaşlarda cinsi problemlər yaradan çox vacib məqamlardır.
Bundan əlavə, uşaqlıqdan xoşagəlməz cinsi təcrübələr və xatirələr (taciz və ya təcavüz, məişət zorakılığı, sərt valideyn davranışı, ata ananın cinsi əlaqəsinə şahid olmaq, səsini eşitmək) da vaginizmə səbəb ola bilər.
Xüsusilə Qərb ölkələrində keçmişdə yaşanan müəyyən cinsi zorakılıq və ya zorlamalar vaginizmin ən çox görülən səbəbi kimi qəbul edilir, müsəlman ölkələrində isə cinsi tabular, mədəni və dini səbəblər daha çox önə çıxır.
Əvvəllər heç bir vaginizm hadisəsi keçirməmiş insanlar da xoşagəlməz təcrübələr (doğuş, düşük, abort və ya travmatik ginekoloji əməliyyatlar) nəticəsində bunu yaşaya bilərlər. Bu,
ikincili vaginizm adlanır.
Cütlüklərin seksuallıq haqqında məlumatsızlığı, ilk cinsi əlaqə haqqında yanlış təsəvvürləri və inancları, qorxu və panika ilə birləşərək vaginizmə səbəb ola bilər.
(Koqnitiv vaginizm)Daha əvvəl də qeyd edildiyi kimi, əksər hallarda vaginizm xəstələrində seksuallıq və cinsi əlaqə ilə bağlı qorxular/sıxılmalar şüuraltının dərinliklərində yatır və Bulbocavernosus və Pobocoxygeus əzələlərinin sıxılaraq daralması qadını həqiqətən yaşadığı bir təcrübədən qoruyan bir müdafiə mexanizmi kimi əlamətlər verir.
Şüuraltında kodlaşmış bu lazımsız qorxuları aradan qaldırmaq üçün kişi və qadını rahatlaşdırmaq və rahatlaşdırmaq üçün mənəvi şərait yaratmaq üçün müvafiq psixoloji dəstək verilməlidir.
Bir çox qadınlarda bu səbəblərin heç biri aydın görünmür. Qadın heç bir travmatik hadisə xatırlamır. (Səbəbləri müəyyən olmayan vaginizmdir)
Mama-Ginekoloq və Gineseksoloq Günay Hacıyeva müraciət edən bütün xəstələrə bu sualı verir: “Uşaqlığınızdan bəri yaşadığınız hər hansı bir travmatik hadisə olubmu? Taciz, təcavüz kimi, ya da vaginizmə səbəb olan hansı hadisəni yaşadığınızı düşünürsünüz” Çox vaxt bu sualın cavabı “Xeyr, xatırlamıram. Əslində sizin yanınıza gələndə bildim ki, belə suallar verəcəksiniz, amma elə bir hadisə yaşamağım yadıma gəlmir, özüm də səbəbi tapmıram” olur. Ancaq yaşadığımız hadisələrin çoxunu unutmuş kimi görünsək də, bu hadisələr əslində şüuraltımızda yerləşmiş, qorxu və narahatlıq toxumu kimi kodlaşmışdır; buna baxmayaraq, bir çox hallarda problem cütlüyün evlilik həyatının ilk gecəsi özünü göstərir.
Vaginizm problemini həll etmək üçün əsas səbəbi və ya səbəbləri tapılmadığı halda şüuraltı mərkəzin korreksiyası olunduğu zaman, burada cinsi əlaqə haqqında kodlaşmış bütün lazımsız məlumatlar sıfırlanır, əzəzlə yaddaşı yenilənir və şüuraltı mərkəzdən çanaq dibi əzələlərinə göndərilən “əmr” (normalda göndərilməməlidir) dayandırılır visseral reaksiyaların idarəsi yeniləndirilir, parasimpatik sinir sisteminin oyanması idarə oluna bilir. Bu zaman qorxular və digər əlamərlər itir.
2. Ginekoloji Səbəbləri20% hallarda vaginizm psixoloji problemə görə deyil, ginekoloji problemlərin nəticəsi ola bilir.
Vaginizmin yaranmasının ginekoloji səbəbləri hansılardır ?• Vulvar Vestibulit Sindromu (VVS) - Bartolin absesi və kisti, HPV (vulvanın kondilomaları), Vaginal göbələk infeksiyası (Candozlu vaginit), cinsi yolla keçən infeksiyalar (hüceyrə daxili və hüceyrə xarici), Vulvanın atrofik iltihabi prosesləri və s.
• Pelvik iltihabi xəstəliklər (yumurtalıq və yumurtalıq artımlarının iltihabı, kiçik çanağın dərin endometriozu, bitişmə prosesi, yoğun bağırsağın iltihabı və digər xəstəlikləri, kiçik çanağın bədxassəli və iri ölçülü xoşxassəli törəmələri, yumurtalıqların müxtəlif mənşəli kistaları və s.)
• Vulvodinia (əsasən lokal Vulvodinia/Vestibulodinia)
• Arxa bitişmənin (Posterior Comissura) normadan yuxarıda olması, vagina girişinin anadangəlmə infantil (kiçik) olması
• Uğursuz icra edilən vagina daraltma əməliyyatında arxa bitişmənin yuxarıdan tikilməsi
• Vulva və vagina nahiyyəsində icra edilən uğursuz əməliyyat və ya əməliyyat yerinə uğursuz gigiyenik qulluqla əlaqəli ağırlaşmalar (sviş və s.), ya da fəsadlaşmalar
• Doğum sırasında edilən epiziotomiya və ya perineumda (aralıq) yaranan yırtıqların bərpası zamanı tikişlərinin keyfiyyətsiz qoyulması və s.
İlk gecədə vaginizm yaranarmı?Toy gecəsi, ya da ilk cəhd zamanı qadınla kobud davranılma, ön sevişmənin tam olmadığı halda (vaginal sulanma yaranmadan) birbaşa cinsi əlaqəyə girmək, kişinin anormal fantaziyalarının tələb olunması və s. Bunlar da elə ilk gecədə vaginizm yaranmasına səbəb ola bilir. Qeyd edim ki,vaginal sulanma yaranmadan vaginaya girmək olmaz. Bu zaman vaginada yırtılmalar baş verəcəkdir və sizin ilk əlaqəniz qanaxmalı travmatik hadisə kimi yadınızda qalacaqdır. Və belə cinsi əlaqə yaşayan qadınlar ilk cinsi əlaqəni ətrafındakı insanlara bu cür anladacaqlar. Dinləyənlər içərisində gənc, ailə qurmamış və cinsi əlaqə haqqında az məlumatlı qızlar olarsa, onlar gələcəyin vaginizmi üçün nümayəndə olacaqlar...
3. Anatomik Səbəbləri10% hallarda Vaginizmin dolayı yolla (belə halda uğursuz cinsi əlaqə cəhdləri uzun müddət davam edərsə, bəzən vaginizm yarana bilir) yaranma səbəbi anadangəlmə anatomik qüsurlar ola bilir:
• Qısa və kor vagina,
• Vaginanın divarındakı arakəsmə (septum),
• Qızlıq pərdəsinin arakəsməli (septum) olması,
• Qızlıq pərdəsinin hündür olması (qızlıq pərdəsi dəliyinin mərkəzdə olmaması, yuxarıda olması və diametrinin çox kiçik olması) və qalın quruluşlu olması.
Vaginizmin ginekoloji səbəbləri bir ginekoloq tərəfindən dərman və ya sadə əməliyyatlarla müalicə edilə bilər. Bu zaman psixoloji müalicəyə ehtiyac olmadan problem aradan qaldırıla bilər.
Unudulmaması lazım olan məqam odur ki, vaginizm ilk olaraq ginekoloq tərəfindən ginekoloji müayinədən sonra müəyyən edilə bilər.